Thursday, 30 July 2015

Qəbələdə 76 min fındıqdan hazırlanan tar - foto

   
GÜNDƏM
 
Qəbələdə 76 min fındıqdan hazırlanan tar  - foto


Qəbələ VII Beynəlxalq Musiqi Festivalı mədəniyyətimizin təbliği baxımından mühüm hadisədir. Festivalın keçirildiyi Heydər Əliyev Konqres zalının həyətində simvolik tar maketinin qoyulmasının əsas məqsədi də elə qədim Azərbaycan tarını tanıtmaqdır.
Azərtac-a istinadən xəbər verilir ki, 76 min fındıqdan hazırlanan tarın hündürlüyü 5 metr, eni 1,20 santimetrdir. On gün müddətinə ərsəyə gələn tarın üzərində 8 nəfər çalışıb. Aləti hazırlayan ustalardan biri - Aslan Kazımov deyir ki, tarın maketi üzərinə yapışdırılan fındıqların bir hissəsi, daha doğrusu, ağ rəngdə olanlar qovrulub, qalan hissələr isə qabıqlı fındıqlardır. Ustalar gecə-gündüz dayanmadan çalışıblar ki, Azərbaycanın bu milli alətini festivalın açılışına çatdırsınlar və çatdırıblar da.
Tarın düzəldilməsində usta Asim Ağasəfovun da zəhməti olub. O deyir ki, Qəbələ qoz, fındıq, şabalıd kimi çərəzləri ilə məşhurdur. Odur ki, simvolik olaraq fındıqdan istifadə edilib. Festivala gələn xarici qonaqlar və musiqiçilər diqqəti cəlb edən bu tarla maraqlanır, onun yanında xatirə şəkli çəkdirirlər.
Ustalar ilk festivalda şokoladdan piano hazırladıqlarını da bildirdilər. Ötən il isə düzəltdikləri tara olan marağı gördükdən sonra builki festivalda da məhz bu alətə üstünlük veriblər. Növbəti festivalla bağlı artıq ideya da hazırdır. Ustalar Azərbaycanın daha bir qədim musiqi aləti olan kamançanı VII Beynəlxalq Musiqi Festivalında nümayiş etdirəcəklər.

No comments:

Post a Comment