Tuesday, 21 July 2015

AZƏRBAYCANDA TOLERANTLIQ
XX əsrin sonunu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyələndirmək olar. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdir. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan "sivilizasiyaların toqquşması" nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdır. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər.
Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.
Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi.
Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir: "Dində məcburiyyət yoxdur". Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstərmişlər.
Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.
Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur.
Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, güya Azərbaycandan "islam təhlükəsi" gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşdı. Şübhəsiz ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də müəyyən xidmətləri var. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində sabiq prezident Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər. Qeyd etmək lazımdır ki, Allah evinin bərpasını Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov öz üzərinə götürmüşdür. Onun vəsaiti hesabına baş kafedral kilsə az bir zamanda bərpa edilərək dindarların ixtiyarına verilmişdir. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryamın Miladı baş kilsəsi bərpa olunmuşdur.
Polşalı keşiş Yerji Pilyusun səyləri nəticəsində qeydiyyatdan keçən respublikanın katolik icması da hakimiyyətin qayğısından kənarda qalmır. İlk iclaslar dindarların mənzillərində keçirilirdi, 2000-ci ildə isə bu məqsədlər üçün bina alınmış və o kiçik kilsəyə çevirmişdi. Katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir, ibadətlər bazar və dini bayram günləri yerinə yetirilir. Hal-hazırda respublikanın paytaxdında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunur. Öz xarici görkəminə görə o, əvvələr Bakıda olan katolik kilsəsinə bənzəyəcək.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində ibrani bölməsi açılmış, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə "Yəhudilər Azərbaycanda" kitabının hazırlanmasına başlamışdır. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qafqazın dağ yəhudiləri" mövzusunda beynəlxalq seminar keçirilmiş, 2000-ci ilin sonunda isə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
1990-cı ildən respublikada "Azərbaycan-İsrail" dostluq cəmiyyəti, habelə "Soxnut" cəmiyyəti fəaliyyət göstərirlər. Yəhudi bayramlarında qəzetlərdə respublikanın yəhudi icmalarının tanınmış nümayəndələri ilə müsahibələr dərc olunur. Bakıda nəzəriyyəçi-fizik, Nobel mükafatı laureatı Lev Landau, respublikanın əməkdar həkimi Solomon Qusman, müharibə qəhrəmanı Albert Aqarunov və digər tanınmış yəhudi şəxsiyyətlərinin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanılıb.
Azərbaycandakı yəhudilərə göstərilən ehtiramdan söhbət açarkən, "Krasnaya sloboda" qəsəbəsini də qeyd etmək lazımdır. Bura keçmiş sovetlər məkanında yəhudilərin yığcam yaşadığı, yeganə yerlərdən biridir (4 min nəfərə qədər). Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər qəsəbədə 11 sinaqoq var idi. Sovet dövründə onlardan yalnız biri fəaliyyət göstərirdi. 1996-cı ildən sonra dövlət tərəfindən daha iki sinaqoq qaytarılmışdı. 2001-ci ilin oktyabr ayında Azərbaycanın hökümət nümayəndələrinin və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə ikimərtəbəli, altıgümbəzli sinaqoqun bərpasına həsr olunmuş təntənəli mərasim keçirilmişdi.
Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur. Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 15 noyabr 1998-ci il tarixdə yəhudi icmaların rəhbərləri ilə keçirilən görüşdə qeyd etmişdi: "Respublikada belə hadisələr baş vermir və biz onların yaranmasına heç vaxt imkan verməyəcəyik". Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xaricdə yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi- Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin respublikaya etdiyi tarixi səfəridir (22-24 may 2002 il). Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapmışdılar.
Rum patriarxı I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə olmuşdur. Şərqi Roma pravoslav kilsəsi başçısının səfərinin əsas məqsədi müxtəlif dinlərə etiqad edən insanların narahatçılığına səbəb olan bir çox mürəkkəb məsələlərdə qarşılıqlı anlaşma və razılığa nail olmaq, sıx münasibətlər yaratmaq, habelə dinlərarası dialoqu daha irəli aparmaqdan ibarət olmuşdur. Azərbaycana gəlişindən əvvəl patriarx üç müsəlman ölkəsinə səfər etmişdir. Onun etirafına görə, respublikamızdakı dövlət- dini konfessiyalar münasibətləri, habelə ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir. O demişdir: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".
Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Belə ki, milad bayramı ilə əlaqədər dövlət başçısının Azərbaycandakı pravoslav icmasına 2004-cü ilin yanvar ayında ünvanladığı müraciətdə qeyd olunur ki, tarixən respublikada formalaşmış tolerantlıq və dözümlülük Aazərbaycan cəmiyyətini səciyələndirən gözəl bir ənənəyə çevrilmişdir.
Sənəddə deyilir: "Xeyrin şər üzərində qələbə çalmasını və azadlıq ideyalarını təcəssüm edən bu bayram hər il dünyanın bütün xristianları tərəfindən böyük təntənə ilə qeyd olunur. Azərbaycanın iki yüzillik tarixə malik olan pravoslav icması da, özünün dini dəyərlərinə sədaqət nümayiş etdirərək, milad bayramı günlərində, insanlar arasında olan səmimiyət və dostluğun artmasına yönəldilmiş xüsusi mərasimlər təşkil edir, bayramın layiqli qeyd olunması üçün, müxtəlif tədbirlər keçirir".
Azərbaycanda tolerantlığın formalaşmasında dini liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır. Bu baxımdan 26 noyabr 2003-cü il tarixdə Moskva şəhərində keçirilən cənubi Qafqaz ölkələri və Rusiyanın dini liderlərinin görüşünü müsbət qiymətləndirmək olar. Adı çəkilən tarixi görüş müvafiq sənədin qəbulu ilə yekunlaşmışdır. Bu sənəddə qeyd edilmişdir ki, Qafqaz xalqları arasında inamın bərpa olunması üçün "milli azlıqları ictimai həyatın bütün sahələrinə inteqrasiya etmək, onların dini əqidə azadlığını təmin etmək, öz mədəniyyət və dillərinin inkişaf etməsinə imkan vermək lazımdır".
Azərbaycanda dinlərarası dialoqun inkişafı sahəsində sabiq Roma Papası II İoann Pavelin respublikamızın dini xadimlərindən ibarət nümayəndə heyəti ilə keçirdiyi görüş əlamətdar hadisə olmuşdur. Tərkibə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Bakı və Xəzəryanı Rus pravoslav kilsəsinin yepiskopu Aleksandr, habelə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov daxil edilmişdi. 18 noyabr 2004-cü il tarixdə Vatikanda keçirilən görüşdə pontifik Azərbaycandakı dini konfessiyalar arasında mövcud olan münasibətləri yüksək qiymətləndirmiş və Qafqazda davam edən qanlı münaqişələr ilə əlaqədər öz təəssüfünü bildirmişdi. O bəyan etmişdi: "Heç kimə ixtiyar verilməyib ki, dinləri dözümsüzlük aləti, təcavüz, zorakarlıq və qətllər üçün vasitə kimi təqdim etsin və ya onlardan istifadə etsin. Əksinə, dinlərin dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və sülhün zəngin mənbəyini təşkil edir".
Dözümlülük ənənələrinin qorunub saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz böyük töhfəsini verir. Dini icmaların başçıları arasında tam anlaşma və daha sıx əlaqələrin yaranması məqsədilə adı çəkilən idarənin rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir. Belə ki, 3 aprel 2004-cü il tarixdə DQİDK-də "Dini stabillik-ümumi stabilliyin ayrılmaz hissəsidir" mövzusunda seminar keçirilmişdir. Tədbirdə dini dözümlülük və terrorizmə qarşı mübarizədə dini icmaların rolu məsələləri müzakirə olunmuş, Azərbaycanın bu bəlaya qarşı beynəlxalq koalisiyanın tərkibində iştirakı dəstəklənmişdir. Eyni zamanda, vurğulanmışdır ki, islamı və ya başqa bir dini terrorizmlə eyniləşdirmək səhvdir.
2004-cü ilin sentyabr ayının 8-dən noyabr ayının 10-dək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların rəhbərləri üçün silsilə seminarlar (10 yığıncaq) təşkil etmişdir. Seminarlarda dövlət-din münasibətlərinə, habelə müxtəlif dini cərəyanların tərəfdarları arasında dözümlülük ruhunun güclənməsinə aid məsələlər müzakirə olunmuşdur. Belə ki, ilk seminar "Dövlət və din: sosial sülh və fikir birliyi yollarının axtarışı" adlandırılmışdı. 6 oktyabr 2004-cü il tarixdə professor Rauf Hüseynov "Azərbaycanda xristianlığın tarixi" mövzusunda mühazirə oxumuşdur. Silsilə "Din-sülhə aparan yol" mövzusunda seminarla yekunlaşmışdır. Dövlət Komitəsinin sədri, professor Rafiq Əliyev respublikanın dindarları arasında anlaşılma və fikir birliyinin inkişaf etdirilməsi sahəsində görülən işlərə yekun vurmuş və bütün xalqın gələcəyi naminə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmişdi.
Müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində qeyri-hökümət təşkilatları, habelə beynəlxalq qurumlar da müəyyən rol oynayır. Belə ki, 22 iyun 2004-cü il tarixdə paytaxtın Beynəlxalq mətbuat mərkəzində "Cənubi Qafqazda tolerantlığın formalaşmasında islamın rolu" mövzusunda seminar keçirilmişdi. Fridrix Nauman Fondunun (Almaniya), "Vətəndaş cəmiyyəti uğrunda" müstəqil məsləhətçi mərkəz (Azərbaycan), Münaqişələr və danışıqlar üzrə beynəlxalq mərkəz (Gürcüstan) və Amerikanın yəhudi komitəsi (ABŞ) ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan, ABŞ, Almaniya və Gürcüstandan olan müxtəlif dini konfessiyaların nümayəndələri, siyasətçilər, tarixçilər və ekspertlər iştirak etmişlər.
Seminarda çıxış edən Almaniyanın səfiri Klaus Qrevlix Azərbaycandakı unikal din-dövlət münasibətləri modelini qeyd etmişdir. Bu model çərçivəsində dini icmaların nümayəndələri təkcə qonşuluqla kifayətlənmir, fəaliyyətlərini də əlaqələndirirlər. "Bu gün Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq ixrac etməsi mümkündür. Bu sizin sərvətinizdir",-deyə, səfir qeyd etmişdir.
"İslam sivilizasiyası Qafqazda" mövzusunda Beynəlxalq simpoziumda Azərbaycan Prezidenti Heydər Əliyev demişdir: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar".

No comments:

Post a Comment